- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bir adda iki DAK problemi, Firudin Pərvizniya və Paşa Qəlbinur “Hafta içi” qəzetinə danışdılar
BayBək, Azərbaycan | Sunday, 6th July , 2008 , 17:01 [pm] | İç Xəbərlər
![]() |
. | Dünya Azərbaycanlıları Konqresinin 10-cu qurultayından sonra daha bir 10-cu qurultay keçirildi. Yenə də eyni adda 2 təşkilat fəaliyyətə başladı. Bütün bu məsələlərə “Həftə içi”nə verdiyi müsahibəsində DAK-ın Avropadakı həmsədri Firudin Pərvizniya və digər DAK-ın Azərbaycandakı həmsədri Paşa Qəlbinur aydınlıq gətirdi. |
Dünya Azərbaycanlıları Konqresinin 10-cu qurultayından sonra daha bir 10-cu qurultay keçirildi. Yenə də eyni adda 2 təşkilat fəaliyyətə başladı. Bütün bu məsələlərə “Həftə içi”nə verdiyi müsahibəsində DAK-ın Avropadakı həmsədri Firudin Pərvizniya və digər DAK-ın Azərbaycandakı həmsədri Paşa Qəlbinur aydınlıq gətirdi.
Firudin Pərvizniya: “Bu, düşmənlərin mənafeyinə xidmət edir”
- Əvvəllər DAK-ın bir sədri var idi. Amma sonuncu qurultaydan sonra nizamnaməyə dəyişiklik etdik və 2 həmsədr fəaliyyətə başladı. DAK gücləndikcə onun iş prinsipi də bölünməlidir. Öz aramızda olan bu razılaşma atılan addımların effektivliyinə şərait yaradır. Müxtəlif sahələrdə hərəkət etmək üçün həmsədrlik institununun töhfələri olacaq.
- Qurultaydan sonra hansı məsələləri həyata keçirməyi planlaşdırırsınız?
- Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq və gücləndirmək barədə planlarımız var. Sabir bəy quruma təkcə rəhbərlik etsəydi, bu işlərin həyata keçirilməsində çətinlik çəkəcəkdi. O, MDB bölgələrini bizdən yaxşı tanıyır. Bizim isə Amerika, Avstraliya və Avropa ölkələri ilə əlaqələrimiz var. Buna görə də bu istiqamətdə işləmək daha düzgün variantdır.
- DAK-ın keçmiş sədri Qulamrza Səbri Təbrizi ilə münasibətləriniz necədir?
- Onunla əvvəldən dostluğumuz var. İndi də hörmət bəsləyirəm. Həmişə bir-birimizin məsləhətlərinə qulaq asmışıq. Bu dəfə vaxt azlığından görüşə bilməmişik. Amma çalışırıq görüşək və bəzi məsələlər ətrafında müzakirələr aparaq. Bilirsiniz ki, son vaxtlar onlar da öz qurumlarının adını DAK qoyublar. Bu da narazılıq yaradır. Narazılığın getdikcə daha da dərinləşməsinin qarşısını almalıyıq. Çünki bu bizim yox, düşmənlərin mənafeyinə xidmət edir. Ona görə də Təbrizi ilə görüşərək onların ideologiyası ilə tanış olmaq və söhbətlər aparmaq niyyətindəyəm. Demokratik Dünya Azərbaycanlıları Konqresi də Təbrizi ilə birləşib. DDAK-ın rəhbəri Məhəmmədrza Xeşti ilə uzun illər bir yerdə çalışmışıq. İndi də Cnubla bağlı ayrı təşkilatda bir yerdə fəaliyyət göstəririk.
- Bəzi cənublu soydaşlarımız DAK sədrinin şimaldan olmasının əleyhinə çıxaraq dedilər ki, güneylilərin hamısı Təbrizinin ətrafında birləşəcək. Sizcə, bu nə dərəcədə düzgündür, cənublularla şimallılar arasında kütləvi narazılıq varmı?
- Cənub-Şimal söhbətini ortaya atmaq olmaz. Bizim problemimiz bütöv Azərbaycandır, Qarabağdır. Bunlar azmış kimi, “cənublu” - “şimallı” anlayışını qondararaq problemə çevirmək yolverilməzdir. Ümumiyyətlə, belə problem yoxdur və bundan sonra da olmayacaq. Birliyimizin əleyhinə olan qüvvələr bu faktordan istifadə edərək gərginlik yaratmaq istəyirlər. Bunun üçün də təşkilatın daxilində olan kiçik narazılıq belə onların hərəkətə keçməsi üçün kifayətdir. Sabir bəyin sədr seçilməsi ola bilsin kimlərisə razı salmasın. Bu, cənublu da ola bilər, şimallı da. Amma əksər soydaşlarımız DAK-dan, onun həmsədrlərindən və fəaliyyətindən razıdırlar. Avropada, Amerikada, Güneydə və digər yerlərdə yaşayan əslən cənublu olan minlərlə soydaşımız bizim ətrafımızda birləşiblər.
- Sədrin və ya həmsədrlərin Güneydən, yaxud Şimaldan olmasında nə fərq var?
- Bir daha bildirirəm ki, hamımız azərbaycanlıyıq və seçdiyimiz rəhbərin ətrafında birləşərək fəaliyyət göstərməliyik. Həmsədrlərin haradan olmasının əhəmiyyəti yoxdur. Əsas odur işi apara bilsin və hərəsi dünyanın ayrı-ayrı bölgələrində yaşasın.
- Siz DAK-ın qurultayını keçirdiniz və həmsədr seçildiniz. Təbrizinin tərəfdarları da qurultay keçirdilər və həmsədrlərini seçdilər. Eyni adda 2 təşkilatın fəaliyyət göstərməsi nə dərəcədə düzgündür və yaxud dırnaqarası DAK hansıdır?
- Bu proses çox davam edə bilməz. Həmin qurumun rəhbərliyi ilə danışıb məsələni yoluna qoyacağıq. Mən burada ciddi problem görmürəm. Bütün azərbaycanlılar bir yerdə fəaliyyət göstərməlidirlər. Təbrizigilin də bizdən sonra həmsədr seçmələrinə gəldikdə isə bu onların öz işidir.
Paşa Qəlbinur: “Mən həmişə birliyə tərəfdaram”
- Sizin qurultaydan sonra məlumatlar yayıldı ki, İdarə Heyətinə seçilən 21 nəfərin əksəriyyətinin DAK-a aidiyyəti yoxdur…
- Qurultayda 112 nəfər rəsmi nümayəndə qeydiyyatdan keçib. Bundan başqa, orda qonaqlar və KİV nümayəndələri də var idi. Qurultayı 3 televiziya işıqlandırırdı. Bu məlumatın haradan qaynaqlandığını bilmirəm. 21 nəfərin arasında tanınmış insanların adları var ki, onların əksəriyyəti DAK yaranandan indiyə qədər qurumun üzvləridir. Burada DAK-a ən axırda gələnlər təqribən 4 il öncə üzv yazılıblar.
- İlhamə Quliyeva ilə Niyaməddin Musayev əvvəllər DAK-da təmsil olunurdular. İndi kimin tərəfindədirlər?
- Onlar İdarə Heyətində deyil, Mədəniyyət və İncəsənət Akademiyası adlanan mərkəzdə təmsil olunurdular. Akademiya bir az böyük çıxdığından indi biz onu mərkəz adlandırırıq. Həm İlhamə Quliyeva, həm də Niyaməddin Musayev bizi rəsmən dəstəkləyirlər.
- Sabir Rüstəmxanlı ilə münasibətləriniz necədir?
- Mənim Sabir bəyin rəhbərlik etdiyi DAK-ın bütün üzvləri ilə münasibətlərim normaldır. Başqa-başqa təşkilatlarda təmsil olunmaq düşmənçilik demək deyil. - Eyniadlı 2 təşkilatın mövcudluğu sizi narahat etmir?
- Zərrə qədər də narahatlığım yoxdur. DAK yaranan zaman hazırlanan möhür indi bizdədir. Onlar da özlərinə möhür yarada bilərlər.
- Yeri gəlmişkən, Firudin Pərvizniya “Həftə içi”nə müsahibəsində bildirdi ki, qarşı tərəf DAK iddiasından əl çəkməsə, məhkəməyə müraciət edəcəklər. Siz necə, analoji addım atmağı planlaşdırırsınız?
- Mən heç kimi məhkəməyə vermək niyyətində deyiləm.
Firudin Pərvizniya ilə bu yaxınlarda da görüşdük. O, mənə bu barədə bir söz demədi. İkinci tərəfdən bütün sənədlərimiz yerindədir və məhkəyə veriləcəyimiz təqdirdə uduzmayacağıq. Birinci kim bu təşkilatı yaradıb və adı qoyubsa, deməli, haqq onun tərəfindədir.
- Bəs təşkilatların birləşməsi necə, mümkündür? Yaxın zamanlarda bununla bağlı hər hansı addımın atılması gözlənilir?
- Birləşmə hər dəqiqə mümkündür. Hər bir azərbaycanlının arzusudur ki, birlik olsun. Bizim bir hədəfimiz var. Əgər gücümüzü bir-birimizə sərf etsək, onda bizə düşmən lazım deyil. - Birlik üçün şəxsən təşəbbüs göstərmisiniz?
- Dəfələrlə bu barədə fikrimi bildirmişəm. Əvvəl DDAK da bizdən ayrılmışdı. Axırda yenə birləşdik. Hamımız gəldi-gedərik. Çalışırıq güclü diasporumuz, dövlətimiz olsun. - Fəaliyyətinizdə hər hansı çətinlik yoxdur ki?..
- Heç bir çətinlikdən söhbət gedə bilməz. Bir-birimizi gözəl başa düşürük. Əvvəllər mənə təklif edəndə ki DAK-ın həmsədri olum, bunu istəmədim. Sonra dedilər belə məsləhətdir.
- Dövlət kimin yanındadır? - Mən bu işdə dövlətin qayğısını daim hiss etmişəm. Bir müstəqil dövlətimiz var və hamımız onu qorumalıyıq. Güneydəki soydaşlarımız diyarbadiyar olublar. Dil və məktəb deyərək dad edirlər. Bizim qurultaya Azərbaycanın Belçikadakı səfirinin müavini də gəlmişdi.
- E-mail qruplarına göndərilən təhqiramiz məktublardan, yəqinki, xəbəriniz var. Bəzi məlumatlara görə, həmin məktublar Bakıdan-Təbrizinin ofisindən göndərilir…
- Bu barədə məlumatım var. Sabir bəy də mətbuata açıqlamasında demişdi ki, həmin məktublar Təbrizinin ofisində hazırlanır. Bu yazıları görməmişəm və onun Təbrizinin ofisində hazırlanmasına inanmıram. Məncə, burada üçüncü qüvvələrin barmağı var.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir