- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Musiqi üzərinə söyləşi - Güntay Gəncalp (Güncəlləndi)

BayBək, Azərbaycan | Saturday, 15th November , 2008 , 22:05 [pm] | Məqalə-Yazi

. - Bizim musiqimizin durumu və nitəliyi (keyfiyyəti) haqqında söyləşmədən öncə belə bir soru soralım: Musiqi nədir?

- Çox çətin bir sorudur. Bu haqda Əflatundan tutmuş günümüzə qədər bir çox düşüncə adamı görüş bildirmişlər. Örnəyin Əflatun



- Bizim musiqimizin durumu və nitəliyi (keyfiyyəti) haqqında söyləşmədən öncə belə bir soru soralım: Musiqi nədir?

- Çox çətin bir sorudur. Bu haqda Əflatundan tutmuş günümüzə qədər bir çox düşüncə adamı görüş bildirmişlər. Örnəyin Əflatun “Bir millətin musiqisi dəyişəcək olsa, onun anayasası da dəyişər”- deyir. Əflatunun bu dediyini biz yaxın tariximizdə gördük. Azərbaycan cümhuriyətində musiqi dəyişdiyi üçün onun anayasası dəyişdi. Burada hər kəsdən öncə Üzeyirin rolu oldu. Azərbaycan Cümhuriyyətinin keçmişin dəyərlərindən ayrılma projesi musiqidə ortaya çıxdı, sonra başqa sahələrə yansıdı. “Musiqi nədir?” sorusuna hər kəs cavab verə bilər. Yəni hər kəsin musiqi ilə olan ruhsal məsafəsinə görə cavab verməsi mümkündür. Mənə görə, musiqi toplumun, tarixin, gələnklərin basqısından çıxmaq üçün etiraz sənəti olmuşdur. Hər bir insanın bireysəl yaşamında tək başına şərqi söyləyib, dans etdiyi anlar olmuşdur. Bu anlarda biz gerçək” öz”ümüzləyik.

Kənardan baxan olsa da vecimizə deyil. Bu anlarımızı bəlkə gələnəklər, tarixi dəyərlər, toplum “yüngüllük” olaraq dəyərləndirə bilər. Zatən bu dəyərləndirmələr hesabına bizdə musiqi ya olmamışdır, ya da çox zəif olmuşdur. Örnəyin, bilirsiniz ki, bizim kültürümüzdə rəqqasa aşağılayıcılıq anlamında “mütrüf” deyərlər. Heç bir sənət əsəri musiqi qədər tarixə, gələnəklərə etiraz etməmişdir. Elə bu üzdən də musiqi bizim dinçi tariximizdə daima basqı altında tutulmuşdur. Musiqinin gəlişməsində olan əngəllər burdan qaynaqlanır. Harda? Musiqi bireysəl (fərdi) özgürlükdən yana olan insan tipini sərgiləmişdir. Ancaq dini dəyərlər fərd tanımaz. Fərd, itaətkar cəmiyyətin bir parçası olmalıdır. Olmaq istəməyən fərdlər məhv edilməlidir. Baxsanız tarixə, bireysəl kimliyini toplumsal kimliyə fəda etməyən kişilər öldürülmüşlər. Bu öldürülənlərin tam çoğunlğu musiqi elminin, muzikal duyğunun gəlişməsində böyük rolları olmuş. Örnəyin, Həllac, Nəsimi, Şəmsi Təbriz və başqaları. Musiqinin düşüncəni etkiləməsi konusunda da İbni Rüşd, Füzuli kimi ərdəmlilərin böyük etkisi olmuşdur.

Örnəyin Füzulinin musiqi fəlsəfəsini anladan “Yeddi cam” adında əsəri var. Burada altı musiqi alətinin səsi ilə insan səsi haqqında geniş bilgi verməkdədir. Bu üzdən də “musiqi nədir?” sorusuna bəlkə somut (konkret) olaraq bu şəkildə cavab vermək olar: Musiqi bizi riyadan qurtaran, bizi tarixin və gələnəklərin əsarətindən qurtarıb öz gerçək “mən”imizlə qarşılaşdıran sənətdir. Yəni musiqinin əsas görəvi tarixin verdiyi bilgiyə görə bu olmuşdur. Ancaq insanı tarixin əsiri, toplumun və gələnəklərin əsiri yapan musiqi növləri də var. Buna musiqi deyə bilmərik. Yəni orada bir melodinin, musiqi alətinin, şeirin olması ona musiqi olma özəlliyi qazandıra bilməz. Musiqi var oluş sənətidir. Musiqidə insan öz ruhunun memarı olur. Bəlkə bu möhtəşəm memarlıq sənəti kimsə tərfindən görünməyə bilər, ancaq musiqi və insan dostluğu sonucunda görünməyən bir memarlıq ruhda təsis edilir.

- Musiqi ilə bəzi tolumsal davranışların ilişkisi varmı?

- Musiqisi zəif olan millətlər utanqac və qorxaq olurlar. İnsanın cəsarət duyğularını eyitən etkənlərdən (faktorlardan) ən önəmlisi musiqidir. Çünkü musiqi varlığın çox yönlü duyulması və göstərilməsidir. Bizim toplumda o qədər səsi gözəl olan insanlar var ki, oxumağa cəsarət edə bilməzlər. Nədən? Çünkü hələ dini tarixin və “musiqi dini yıpradır” kimi dini söyləmlərin və gələnəklərin basqısından insanlarımızın vicdanı və ruhu qurtulmuş deyildir. İnsanın bireysəl kimiliyini toplum içində onaylaması (təsdiqləməsi) asan iş deyil. Bir çox əngəllər var ortada. Bu əngəllər bir çox hallarda insanın həyatını təhdid edir.

Qurdlar yalnızlaşdıqlarında ulayır, şərqi söyləyirlər. Gecələr böcəklərin şərqi söyləmələri var. Yəni heyvanlar şərqi söylərkən onlara əngəl olan yoxdur. Ancaq bizim dini tariximiz musiqinin düşmənidir. İnsanın başqa canlılarla müqayisə də şərqi söyləməsinin fərqi ondadır ki, insan sunduğu bir əsərə görə təqdir və tənqid bəklər. Bizim dini tariximiz nə tənqid etmiş, nə də təqdir, məhv etmişdir. Ona görə də bir tərəfədn fitrətimizdən qaynaqlanan bir ehtiyaca görə musiqiyə meyllənərik, başqa tərəfdən də toplumdan, dindən, tarixdən qorxarıq. Ancaq yenə də musiqi bu qorxu sınırını aşa bilir. Bir çox böyük insanlar darağacında şərqi söyləyə-söyləyə asılmışlar. Ya da Şərqi söyləyə söyləyə yaxılmışlar. Bizim tariximiz musiqiyə düşmənliyi ilə fərqlənən din mərkəzli bir tarixdir. Ancaq bu tarixi yenə də musiqi uçuracaqdır. Musiqi insanlarımızı bu tarixin əsarətindən qurtacaqdır. Ona görə də musiqidən aldığımız enerji ilə cəsur olmalı və şərqi söyləməli, dans etməliyik.

- Musiqi türdeşləşdirər (eyniləşdirər), yoxsa fərqliləşdirər?

- İnsanları türdeşləşdirmə din kültürünə, gələnəklərə aid bir olqudur. Musiqi fərqlilikləri dərinşdirər və bu dərinliyi anlaşılır, duyulur biçimdə ortaya qoyar. Əslində hər bir toplumun içində çəlişkilər (təzadlar) çağlayıb durmaqdadır. Din kültürü bu təzadları söndürməyə çalışmışdır tarix boyu. Ancaq musiqi bu təzadları eyitər. Təzadların dialektik ilişkisini, yardımlaşmasını və birliyini sağlar. Musiqinin önəmsədiyi bireysəl haq və özgürlük fəlsəfəsi də bundan ibarətdir. Hər bir şərqici, hər bir ifaçı, hər bir Bethoven, hər bir Fikrət Əmirov özgün (orijinal) bir “mən”dir. Özgün bir kimlikdir. Bu “mən”lərin artmasını sağlayan etkənlərin ən önəmlisi musiqidir.

- Musiqi bir uzmanlıq sahəsimi?

- Musiqinin uzmanlıq sahəsi onun teknik tərəfidir. Hər bir insanın içində musiqi bir ehtiyac və kəndini anlama-anlatma sənəti kimi doğuşdan vardır. Dünyada bir çox musiqi böyükləri o sahədə təhsil almamışlar. Ya da bizim “xalq mahnıları” dediyimiz olay əmək və toplumsal ilişkilər ortamında yaradılmışdır və bu musiqinin yaradıcıları heç bir yerdə musiqi təhsili almamışlar. Çünkü zatən bizim tariximizdə musiqi eyitim mərkəzləri olmamışdır.

- Musiqi eyitim mərkəzləri dedikdə nəyi nəzərdə tutursunuz?

- Musiqinin doğuşu üçün ən az dörd ünsür bir yerdə bir bütün şəklində olmalıdır: 1. Bəstəkar. 2. Çalğıçı. 3. İfaçı. 4. Ən önəmlisi isə dinləyici. Bizim tariximizdə bunlar bir bütün şəklində bir yerdə olmamışlar. Hələ indiki zamanda belə, İranın böyük şəhərlərində musiqi dinləmə, teatr salonları yoxdursa, daha əski zamanlarda heç olmamışdır demək. Bəstəkarı, çalğıçını, ifaçını yaşadan dinləyicilərin verdiyi maddı-mənəvi dəyər olmuşdur. Maddi dayanağı olmayan sənətin gəlişməsi mümkün deyildir. Bizim sosial zövq anlayışımızda və kollektiv vicdanımızda sənətçini yaşatma duyğusu olmamışdır, yoxdur. Bu, modern və sekular toplumlara xasdır. Zatən bu üzdən olsa gərək, son 500 ildə musiqi elmində ortaya çıxan gəlişmələrin hamısı Batıda meydana gəldi. Məsələn Opera. Opera nədir? Opera musiqi mərkəzli bütün sənətlərin bir yerdə olmasıdır. Yəni operada rəssamlıq, dans, teatr, geyim sənəti hər şey var. Hətta operada memarlıq da var. Yəni hansısa bir əsrin memarlığını kartonlarla filan canlandırırlar.

- Bizdə niyə opera yaranmadı?

- Opera şəhər həyatının sənətidir. Bizdə şəhər həyatı çox zəif olmuş. İndi də hələ şəhər həyatı şəkillənməmişdir. Əhalinin artması şəhər həyatı deyil. Şəhər həyatının olmamasının səbəbi su qıtlığı olmuşdur. Məslən Avropada kəndlə şəhər bir o qədər də bir-birindən seçilmir. Ya da şəhərlərin arası bir birinə çox yaxındır. Ancaq bizim iqlimlərdə tam tərsinə şəhərlərin bir-biri ilə məsafəsi çox, ancaq kəndlərin bir-birinə yaxın olduğunu görürük. Nədən? Çünkü bu iqlim kənd həyatının oluşmasına imkan verir. Hətta kəndlərdə də əhali artanda, mal-heyvanın içməsi gərəkən su olmadığından kəndlər dağılır, yenidən kiçik kəndlərə parçalanır.

Harda balaca bir bulaq olmuşsa orada bir kənd olmuş. Belə bir iqlimdə böyük sənət əsərləri doğmaz. Bu şəkildə anladacam: Şərqdə, ən azından islam şərqində verilərə görə illik ortalama yağışın miqdarı 15-35 santimetr arasındadır. Avropada və Hindistanda bu miqdar 150-200 santimetr arasında dəyişir. Ən gözəl musiqi suyun səsidir. Dənizin güclü və xəfif dalğaları, kiçik arxların, yağmurun səsi musiqidir. Ancaq bilincidə deyilik. Ona görə də mədəniyətlər bütün tarix boyu suların kənarında doğmuşlar. Bu gün Hind musiqisinin insan ruhuna bu qədər təsir göstərməsinin səbəbi də bəlkə o iqlimin gözəlliyindən qaynaqlanır. Daha sonrakı dönəmlərdə insan ağlı dini kültürü Avropada üstələdiyi zaman musiqinin irəliləməsinə də bu iqlimdə geniş olanaq sağlamışdır. Bu arada bunu da deyim ki, bizim tərəflərdə yağış yağmaz-yağmaz, yağanda da 3-4 saat elə yağar ki, yağmur faydalı olmaq yerinə zərərli olar. Torpağın güclü və verimli üz qatını sel çəkib aparar dərələrə. Ona görə də bu iqlimlərdə musiqi yerinə islam kültüründə yayqın olan məsələn “yağmur düası” doğdu. Bizim iqlimizi şiddət iqlimidir. İnsanlarımız da o şəkildə. Ona görə ağac əkmə kültürünü mənimsəməliyik. Mənimsədikcə musqimiz də dəyişəcək, gəlişəcək.

- Şiddət deyirsiniz. Bu şiddətin musiqiyə yansıması mümkünmü?

- Bizim insanlarımız belə musiqidən xoşlanar. Məsələn saz havalarında cəngilərin çoxu şiddət çağrışdırır. Bunun pis olduğunu demirəm, o ayrı bir konudur. Ancaq bu iqlimlərin özəlliyi sənət əsərinə, musiqiyə də yansıyır hər halda. Uyqarlıq (mədəniyyət) göydə olmur. Torpağın üstündə olur. Torpaq müsaid deyilsə orada mədəniyət olmaz. Qütüblərdə, duzlaqlarda olmadığı kimi. Türkistanda, Əfqanistanda, Ərəbistanda, İranda olmadığı kimi. Burada şiddət çağrışdıran, qatil dövlətləri və imperatorluqları mədəniyyət cərgəsinə qoymaq olmaz. Onlardan məslən əski Yunanıstanın şəhər dövlətlərindən qalan bir tək mədəni, elmi hadisə kimi miras qalmamışdır. Qumsalda mədəniyyət olmaz, kültür olar. Kültür və mədəniyyət ayrı-ayrı qavramlardır.

- Sanki mövzudan uzaqlaşırıq, mövzuya dönəlim istərsiniz. Gələlim öz musiqimiz haqqında danışmağa. Bütün bunların hamısı musiqi haqqında ümumi fikirlərdir. Bizim musiqimizin tarixi gəlişmə sürəci necə olmuşdur?

- Bizim də musiqimiz iqtisadi, sosial həyatımızdan təcrid edilmiş şəkildə gəlişməmişdir nə yazıq ki. Ona görə “yazıq” deyirəm ki, kültürün, iqtisadi, sosial həyatın ötəsinə çıxa bilməyən sənət əsəri, böyük bir əsər sayılmaz. Bütün insanlığa xitab edə bilməz. Bir bölgədə, məhəllədə yaşayan əhalinin duyğularını yansıdar. Bizim musiqimiz tam dini və kültürəl yasaqların güclü basqısı altında olmuşdur. Örnəyin bizim kültürümüzdə qadın-kişi ilişkiləri üzərinə qorxunc yasaqlar qoyulmuş, törələrdəki yasaqları dinizmiz də qəbul etmişdir. Bu üzdən də hətta melodilərin xəfif dalğalarında belə, “sevişmək” kimi Tanrısal bir duyğulara rast gəlmirik. “Yanıq kərəm”də yanmaq var. Bilirsiniz “yanıq kərəm” “Əsli Kərəm” dastanının sonudur. Məsələn “Əsli kərəm” dastanında iki sevgilinin mutlu birlikdəliyini və sevişməsini yansıdan bir melodiyə rast gəlmirik. Hələ bu ozan sənətidir və oraya ətraflı girmək istəmirəm. Ancaq ozan sənəti də bizim musiqi anlayışımızın içindədir. Melodilərdə bir tür erotik yanaşma yasaq olursa indi gör musiqi sözlərində nə qədər yasaqlanar bu ilişkilər.

- Deyirsiniz ki, bizim musiqi sözlərimizdə yasaqlar aşıb-daşır.

- Musiqi görünməz bir aləmdə qadın-kişi birlikdəliyi, vəhdətini sağlar. Əslində cinsiyyətin (erkəkliyin-qadınlığın) ortadan qalxıb və sirli bir aləm də vəhdətə varma işini musiqi gerçəkləşdirər. Musiqinin sevimli oluşu da bu üzdəndir. Çünkü insan yalnlzıq (qadınsızlıqdan-erkəklikdən) daima əzab çəkər. Ancaq bu “qadın” və “erkək” həyatda konkret mövcud olan birisi deyildir. Ruhumuzda var olan, ancaq tanımadığımız, surət verə bilmədiyimiz bir varlıqdır. Bəlkə bəzən yuxularımızda bu sirli varlığı görürük. Bilirsiniz insan hər dəfə yuxu gördüyündə yuxuda tanıdığı adamların yanı sıra bir də tanımadığı birisi var. Bu taninmayan adam bütün yuxularımızda var. Ancaq onun kimliyini heç bir zaman görə bilmirik. Bəlkə də o bizim mütləq “mən”imizdir. Yəni cinsiyətsiz varlıq. Sanki musiqinin də görəvi bizi ona qovuşdurmaqdır. İndi gələlim bu basqı məsələsinə. Bizim musiqi sözlərimizin çoxu kənd həyatını yansıdır və köçəri, kənd həyatındakı yasaqlar musiqiyə daşınmışdır.

- Bunu konkret örnəklə isbat edə bilərsinizmi?

- Keçənlərədə türkiyədə bir hadisəyə tanıq olduq. Italiyalı nişanlı bir qız tək başına Türkiyəyə gəlib və Ağrı dağının zirvəsinə çıxmaq istəmişdi. Yolda bir Türkiyə vətəndaşı bu gənc xanıma rastlanar. Öncə zorla təcavüz edər, sonra da başını kəsib öldürər. Təsəvvür ediniz ki, sanki bu cinayəti bizim musiqimizdə olan sözlər daha öncədən sezmişdir. Bu bu xalq mahnısına diqqət edin: “Gəzmə ceyran bu dağlarda səni ovlarlar— Atadan, anadan, yardan ayrı qoyarlar.” Tam Anadolu xalq musiqisində deyildiyi kimi dağa çıxan ceyranı ovlayıb atasından, anasından və nişanlısından ayrı qoydular. Görürsünüzmü toplumumuzda olan şiddət uyarıcı bir şəkildə musiqiyə necə yansımışdır? Ya da başqa bir örnək : “Ay qız çölə çıxma səni görərlər— Döşündəki qızıl gülü dərərlər.” Onlarca belə örnəklər vermək mümkündür ki, hamısında qorxu və şiddət var. Xəbərimiz olmadan musiqimiz bizim ruh halımızı və sosial davranışlarımızı ifşa edir. Əslində bizim mahnıların sözləri dünyanın yabancı dillərinə tərcümə edilsə, heç bir modern qadın bu torpaqlara ayaq basmaz qorxusundan. Əgər bir kültür, bir törə və bir din iki gənc adamın sağlıqlı görüşməsinə evin içində imkan tanımırsa, məcburdular dağda-daşda gizlin görüşsünlər. Ona görə də dağ-daş macəraları musiqiyə də yansıyır.

- Musiqi sirli dünyada birlikdəlikdir deyirsiniz. Bu birlikdəlik bizim musiqi sözlərimizdə hiss olunmurmu?

- Çox az hiss olunur. Musiqi sözlərimizdə məsafələr çoxdur. Bəzən yaylaqla qışlaq arası qədər məsafə var. Bu qədər məsafədə necə vəhdət sağlana bilər. “Eşitmişəm yaylağıza qar yağıb— Bir dəsmal arası qar göndər mənə.” İnsan yalnız bir özgüvən ortamında sevə bilər. Onun üçün də fiziki məsafələr yaxınlaşmalıdır. Fiziki məsafənin yaxınlaşmasına dinimiz və kültürümüz izn verməmişdir. Diqqət etsəniz bizim musiqi sözlərimizdə ən çox dağlarda, dərələrdə sevgi axtarılır. Gizlin bir sevgi, gözlərdən uzaq. Çünkü görünən sevgini söndürmüşlər. Maral dağlarda gəzir. Evin içində bir anlaşma və bilişmə yoxdur. Daima evlərinin önü, arxası haqqında söz gedir. Məsələn modern fin musiqisində evin içindəki həyatı içinə alan musiqi sözləri həddindən çoxdur. Hətta “Evim mənim evrənimdir (kainatımdır)” kimi bolluca sözlər var. Musiqinin də görəvi evrəni bir nöqtədə mərkəzləşdirib insana buraxmasıdır.

- Bizim muğamlara da aid olurmu bu söylədiyiniz?

- Muğamlarda oxunan farsca, ərəbcə, türkcə şeirlərin çoxunda bu yasaq və bu uzaqlıq var. Bəzən uzalıq o qədərdir ki, badi-səbadan onun xəbəri alınır. “Mənə badi səba ol sərvi gülrüxdən xəbər verməz..”, “badi səba söylə mənim yarıma…”

- Niyə belə olmuşdur?

- Bizdə şəhər musiqisi təzə-təzə şəkillənir. Hətta şəhər və modern səs də təzə-təzə ortaya çıxır. O dediklərim feodal həyat tərzinin yasaları və yasaqlarıdır. Kənd və köçəri həyatın özəlliyidir. Necə Şəhriyar bir kəndli olaraq şeirdə öz xatirələrini yazaraq “heydər babaya salam” kimi kənd həyat şəklini yansıdan bir əsər yaratdı, Azərbaycan cümhuriyətindədə, hətta Türkiyədədə kəndlərdən gəlib musiqi oxuyanlar istər-istəməz öz kənd xatirələrini musiqiyə yüklədilər.

- Yanlış mi etmişlər, belə musiqini ortaya qoyduqları üçün?

- Yanlış etməmişlər. Burada söz konusu yanlış və doğru məsləsi deyil, bizim sosial həyatımıza görə musiqinin gəlişmə sürəcidir. Zatən yasaqlar və uzaqlıq hisləri ilə dolu olan bu musiqini dinləyib zövq alırıq. Ancaq modern musiqimiz də yaranmalıdır. Güney Azərbaycanda ümumiyətlə musiqi yalnız ozan sənətində yaşamışdır. Sonralar Bakıdan gələn səslər də etkili oldu.

- Modern və şəhər musiqisi dediyiniz musiqinin görüntüləri bu gün varmı?

- Tünzalə Ağayeva, Flora Kərimova, İlhamə Quliyeva və digər adlarını unutduğum xanəndələr var. Bunların səsi şəhər musiqisinin səsidir.

- Bizim musiqimizə bu şəkildə yanaşmağınız nə qədər doğrudur?

- Bunlar mənim doğrularım. Başqa baxış açısı üçün doğru olmaya da bilər. Baxın Sizə bir şey söyləyəcəm. Mənim həyatımı etkiləyən düşüncə adamlarının biri və bəlkə də birincisi Nitshe´dir. Nitshe Alman musiqisinin heyranı idi. Hətta Vagner əsərlərinin onun duyğularını və düşüncələrini etkilədiyini yazar. Daha sonra Vagnerdən də zövq ala bilməz. Hər ulusun içində belə insanlar ola bilər, olmalıdır. Əgər bir insan elə bir aşamaya çatır ki, mövcud sənət əsərləri artıq ona zövq ver bilmir, bu o demək deyil ki, var olan bütün sənət əsərləri anlamsız bir şeydir, dəyərsiz bir şeydir. Kəsinliklə belə deyil. Çünkü bu var olanlar ortaq tarixi xatirələrin, ortaq sosial zövq anlayışının ürünüdür. Sadəcə bireylərin zövq anlayışı və durduqları yer, baxdıqlar məkan dəyişə bilər. Nitshenin bu şəkildə düşünməsi Alman millətinin öz musiqisindən ləzzət almasını əngəlləmədi. Ancaq Alman musiqisinin üstün insan yaratmasına da təkan verdi. Almaniayada Nitsheni az adam oxuyar. Dünyanın hər yerində olduğu kimi. Fəlsəfə ilə hər zaman yaradıcı azınlıq uğraşmışdır.

- Muğamlarda melodik və köklü dəyişim yapılmışmı?

- Bu suala cavab vermək üçün Üzeyir Hacibəyli tərəfindən modernləşmədən öncəki muğamlara qulaq asmaq lazımdır. Bilirsiniz Üzeyir Hacıbəyli muğamlara həyat duyğuları yüklədi və onun bu modernləşdirmə əməli sadəcə Azərbaycan musiqisini deyil, İran musiqisini də etkilədi. Üzeyirdən öncəki muğamlar bu gün Anadoluda mövcuddur. Bu muğamları dinlərkən adam yatmaq istəyir. Oysa Azərbaycan muğamlarını dinlərkən insan həyat duyğuları ilə dolur. Əski muğamlar insanı Tanrıya qovuşdurmaq üçün duyğusuzlaşdırırdı. Üzeyir Hacıbəyli tərəfindən yenidən şəkillənmiş olan muğamlar daha öncə tarixdə olmamışdır. Ancaq son 100 ildə Azərbaycan muğamları səviyəsində ədəbiyat yaranmadı. Bu günkü Azərbaycan muğamının şeir, özəlliklə də modern qəzəl qıtlığı var. Musiqini anlamaq çətin olduğu üçün Sovetlər zamanında əngəllənməsi çətin oldu. Ancaq Muğam səviyəsində əsər yazan Cavidləri öldürdülər. Çünkü onun yazdıqları tam anlaşılır idi və bir başa insanın ağlına xitab edirdi.

- Daha öncə musiqiyə bu şəkildə yanaşan olmuşmu?

- Yanaşanlar olmuşdur, ancaq zamanın dini iqtidarları musiqiyə öz zehni baxışlarını hakim qılmışlar. Örnəyin VIII-IX əsrlərdə Yunan zehniyyətinin musiqi ilə bağlı olan bilgiləri də ərəb dilinə tərcümə edildi. Bu tərcümələr böyük bir təkan verdi. Ancaq O əsrin daha rasional məzhəbi olan Mötəzilə məhv edildikdən sonra musiqiyə yenə də irticai zehniyyət hakim oldu. X-XI əsrlərdə Farabi və İbni Sina musiqyə həyat duyğularını yükləməyə çalışdılar. Ancaq bu kimi bir çox alimlər təkfir edildilər. İbni Sina onlara xitabən yazırdı:

“Bu eşşək başlılar sanıyorlar kim,
Bilim dünyasına onlardır hakim!
Eşşək ol, çünkü bu eşşək başlılar
Eşşək olmayanı kafir sayırlar” (Farscadan tərcümə: G.G)

Musiqiyə əsrlər boyu Tanrıcılıq hakim oldu ki, bu tabunu Üzeyir Hacıbəyli yıxdı. Musiqiyə hakim olan dini duyğular Səfyəddin Urməvi, Abdulqadir Marağalı kimi istedadlı musiqiçilərin yaradıcılığıa əngəl olurdu. Moğullar gəldiklərində və Moğulların dünyəvi dövlət qurmaları səbəbi ilə Ürməvinin yaradıcılığının ən parlaq devri Marağada keçər. Nə zaman bu dünya planları əsasında yaşamağa fürsət tanınmışsa, musiqi də bu dünya planları əsasında özünü göstərmişdir. Xalq mahnılarına baxsanız orada əmək və sosial yaşam yansımaqdadır. Nədən? Çünkü din mərkəzli dövlətlərin rəsmi ideologiyası olan o dünya planları əsasında yaşamanın tam tərsinə olaraq zəhmətkeş kütlə həyatın içində olmuşdur. Onların arzularını, xəyallarını yansıdan sənət əsərləri, o cümlədən musiqi də bu ortamdan qaynaqlanmışdır.

- Saray musiqisinin yazqısı necə olmuşdur?

- Saray musiqisi fərqli bir ortamda gəlişmişdir. Bu tür musiqi ən çox saray əhlinin seksual enerjilərini artırmaq üçün olmuşdur. Göbək dansları, bu dansın musiqisi şahları təhrik etmək üçün hazırlanırdı. O növ musiqi bu gün də öz həyatını erotik barlarda sürdürməkdədir. Əslində bu musiqi sənət əsəri sayılmaz. Musiqinin hədəfi sadcə şəhvət duyğularını körükləmək deyil. Şəhvət duyğuları da bütün duyğuların içində bir yerdə sağlıqlı ruh halının oluşumuna yardım etməli. Saray və erotik barların musiqisində özverilik (fədakarlıq) kimi duyğulara rast gəlmək olmaz. Musiqi insan bilincini çevrələyən əngəlləri qırmalı və insan ruhunu sonsuzluğa sövq etməlidir deyə düşünürəm. Yoxsa saray və erotik barlardakı musiqi insanın özgürlüyünə deyil, insanın öz içində öz nəfsinin əsarətində olmasına zəmin yaradır. Bizlər Bethoveni, Emirovu, Qarayevi, Muzartı, Sibeliusu dinlərkən daldığımız ruh halları çox yüksəkdir.

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2008_say_3658.azr
azeribaybak[at]gmail.com