- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Əlifbası üzərinə söyləşi - Güntay Gəncalp
BayBək, Azərbaycan | Tuesday, 13th January , 2009 , 03:54 [am] | Məqalə-Yazi
![]() |
. | Əgər bu gün Güney Azərbaycan gəncliyi ərəb əlifbasında yazır, sitələr düzənləyirsə, bir əlifba məsələsinə görə onların etdiklərini aşağılamamaq gərəkir. Bir latın əlifbasına görə onlarda aşağılıq kompleksi oluşdurulmamalıdır. Onlar böyük fədakarlıq edirlər və cəmiyətin mövcud imkanlarına görə aydınlanma prosesini sürdürürlər. Bizim görəvimiz sadəcə onları təqdir etməkdir. Fəlsəfi tərəfi də ondan ibarətdir ki, əlifba dəyişimi ilə dünyaya baxış açısı dəyişəcəkdir. |
Ərəb əlibası ilə bağlı söyləşi* təpkilərə və etkilərə yol açdı. Bu etki və təpkilər üzərinə nə deyəcəksiniz?
Hər bir iş öz zamanına və məkanına görə dəyərləndirilməlidir. Bu haqda Axundov ilk dəfə təşəbbüsdə bulunmuşdur. Daha sonra da çox zəif şəkildə Mollanəsrəddinçilər əlifba üzərinə dayanmışdılar ki, bu əlifbada əksiklik var. Bu gün ərəb əlifbasının dilimizə və bilgisayar sisteminə uyğunsuzluğu haqqında hər tək-təkimiz Axundov və Mirzə Cəlildən də güclü dəlillər ortaya qoya bilərik. Ancaq Axundov və Mirzə Cəlil bu əlifbanı tənqid edərək eyni əlifbada yazırlar. Nədən? Çünkü aydınlatmaq istədikləri toplum yalnız o əlifbanı başarırdı. Yəni bu gün Güney Azərbaycan və İranda olduğu kimi. Bu gün Qaşqay gəncləri onlarca sitə yayınlayır və Qaşqay türk kimliyinin yüksəlişi yolunda çalışırlar. İndi onları latın əlifbasını bilmədikləri üçün bəzilərinin etdikləri kimi aşağılamalıyıqmı? Latın əlifbasında İran mühitində bu günə qədər bir tək dəyərli bir yazı ortaya çıxmışmı? Xatəminin zamanında xatırlayırısınız bir sürü dərgi çıxırdı universitələrdə. Bunların hamısı ərəb əlifbasında deyilmi idi? Nədən məsələn Bakıda yayılmış bir şeir kitabını İran mühitində ərəb əlifbasına çevirib nşər edirlər. Ya da dilçilik haqqında yazılmış məsələn Nizami Xudiyevin kitabını və digərlərini.
Ərəb və latın əlifbası yalnız dilçilik mövzusudur, yoxsa digər tərəfi də var?
Yalnız dilçilik yönü yoxdur, fəlsəfi və siyasi tərəfi də var. Siyasi yönü nədir? İran mühitində Latın əlifbasında yazmaq kəndiliyindən Ankara və ya Bakı təmayülünü göstərdiyi üçün bir növ yabancı ölkəyə bağlılıq kimi görünür və elə başlanqıcdan bir gənc adam üçün suç bəlgəsi kimi ortaya çıxır. Biz bəsit olaylarla bağlı olaraq gənc adamların həbs edilməsini istəmirik. Əlifba yolunda bizim mübarizə aparacaq həvəsimiz yoxdur. Mərhum Zehtabi demişkən bunlar anarşistdirlər. Bunlar hərəkətin içində deyillər. Bizim bu günkü hədəfimiz ən qısa yolla və millətin başardığı və alışdığı imkanlarla aydınlanma sürəcini sürətləndirməkdir. Əgər bu gün Güney Azərbaycan gəncliyi ərəb əlifbasında yazır, sitələr düzənləyirsə, bir əlifba məsələsinə görə onların etdiklərini aşağılamamaq gərəkir. Bir latın əlifbasına görə onlarda aşağılıq kompleksi oluşdurulmamalıdır. Onlar böyük fədakarlıq edirlər və cəmiyətin mövcud imkanlarına görə aydınlanma prosesini sürdürürlər. Bizim görəvimiz sadəcə onları təqdir etməkdir. Fəlsəfi tərəfi də ondan ibarətdir ki, əlifba dəyişimi ilə dünyaya baxış açısı dəyişəcəkdir. Fəlsəfi düşüncə dərin olduğu üçün yavaş-yavaş irəlilər, ancaq siyasət cəmiyətin əksəriyətini qapsaya bilər. Siyasi davranışın inqilabı, fəlsəfi davranışın intibahi yönü var. Bizim cəmiyətin dini yapısı var. Dindarlar da bu hərkətə qatılırlar ki, onların bilgi birikimləri ərəb əlifbasında gerçəkləşmişdir.
Əlifba məsələsi ilə bağlı ölkənin içində hansı görüş var bu dartışma ilə ilgili?
Hər kəsin bir şəkildə daxillə irtibatı var. Yəni internet sınırları ortadan qaldırmışdır. Mən yazmaq işi ilə daha çox məşğul olduğum üçün daha çox irtibatım var içəri ilə. Nədən? Çünkü yazılarımı oxuyan yüzlərcə, özəlliklə gənc adam mənimlə sanal ilişkidə bulunurlar. Hətta bir çox tutuqlananların evlərindən mənim yazılarımı da ittilaat məmurları tapmışlar. Bunlar məni sevindirir və daha da ciddi şəkildə yazmağa və oxumağa məcbur edir. Yazılarımın daxildə bu qədər geniş miqyaslı oxunmasının səbəbi ərəb əlifbasında olmasıdır. Ancaq eyni zamanda mənim yazılarım Bakıda da yayılır. Bakıdakı qəzetlərdə və sitələrdə. Yəni yurdumuzun hər iki tərəfində mövcud imkanlara görə davranmalıyıq. Mənim ərəb əlifbasında da yazmağım bu əlifbanı savunmaq deyil. Cəmiyyətimizin alışqanlığından yararlanıb aydınlanma prosesini sürətləndirməkdir. Təsəvvür ediniz ki, 30 ildir Dr. Cavad Heyət “Varlıq” dərgisini ərəb əlifbasında çıxarır. Həm rejimin əlifba üzndən buna əngəl olması önlənir, həm də kütlə sürətlə oxuyub bilgilənir. Bu dərgi latın əlifbasında çıxsaydı öz həyatına davam edə bilməzdi və 5 ədəd də satışa getməzdi. Bizim davamız bu gün düşüncə məsələsidir, əlifba məsələsi deyildir. Əlifba sorununun çözümü bu gün mümkün deyil, öz milli aqibətimizi bəlli etdikdən sonra bu məsələ kəndiliyindən çözüləcəkdir.
Latın əlifbasından ərəb əlifbasına köçürən köçürgənin İran rejimi tərəfindən hazırlandığını söyləyənlər var!
Bunlar nə danışdıqlarını bilmirlər. Əgər köçürgəni rejim hazırlamışsa o zaman rejim bizim üçün çalışır. Bunlar ölkəmizin içində fəaliyət göstərən şərif insanlara da şər atırlar. Belə şeyləri ciddiyə almaq lazım deyil.Bunları buraxmaq lazımdır çirkin işlərinə davam etsinlər. Bizlər öz işimizi görməliyik.
GüNaZ TV-nin ekranlarında latın əlifbası öyrədilir bunun bir təzad təşkil etdiyi meydana çıxmırmı?
Qətiyən yox. GüNaZ TV çocuqlar üçün bu proqramı hazırlayır və çox doğru iş görür. Ancaq biz tarix yarada biləcək gənc nəslin fikir ehtiyaclarını təmin etmə haqqında danışırıq. Gənc və orta nəsl bu hərəkətin yaradıcı gücünü oluşdurur. Onların düşüncə qaynaqlarını oluşdurmaq bir zərurətdir. Çocuqlar gəlib gəncləşib və orta nəsl olduqlarında bizim sorunumuz qalmayacaq inancındayam. O zaman çox şeylər həəl olacaq, o cümlədən də əlifba məsələsi. Son olaraq bunu demək istərdim. Millətin səviyəsindən və alışqanlıqlarından ayrı düşən sözdə aydınlar hər zaman zərərli olmuşlar. Millətin içində olmaq və dəyişiləcək şeyləri də millətin öz imkanlarından yararlanıb dəyişmək lazımdır.
Güntay Gəncalp
Başgün, 13/01/09
* [1] Nədən ərəb əlifbasında yazmalıyıq? - Güntay Gəncalp
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir