- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Şəmsi- Təbrizinin eşq fəlsəfəsi üzərinə söyləşi (1) - Güntay Gəncalp

BayBək, Azərbaycan | Sunday, 7th June , 2009 , 22:37 [pm] | Məqalə-Yazi

. Sual: Şəmsi-Təbriz tarixdə çox çətin şəxsiyətlərdən biri olmuşdur. Hətta onun adı çəkildiyində belə, insanın iç dünyasında bir şeylər olmuş. İnsanın ruhu aydınlanmış. Ancaq onun kimliyi tam olaraq açığa qovuşdurulmamışdır. Siz də Onun dühasının təsirində qalmışsınızmı?

Cavab: Şəmsi-Təbriz Cəlaləddin Rumi ilə buluşduqdan sonra bütün dünya onun dühasının, Onun eşqinin təsiri altına girmiş.



Sual: Şəmsi-Təbriz tarixdə çox çətin şəxsiyətlərdən biri olmuşdur. Hətta onun adı çəkildiyində belə, insanın iç dünyasında bir şeylər olmuş. İnsanın ruhu aydınlanmış. Ancaq onun kimliyi tam olaraq açığa qovuşdurulmamışdır. Siz də Onun dühasının təsirində qalmışsınızmı?

Cavab: Şəmsi-Təbriz Cəlaləddin Rumi ilə buluşduqdan sonra bütün dünya onun dühasının, Onun eşqinin təsiri altına girmiş. Zaman keçdikcə və insanlıq Mövlananın əsərləri ilə tanış olduqca dünyanın bütün millətləri Şəmsin işığından feyzi-yab olmağa başlamışlar. Bilirsiniz ki, Mövlananın əsərləri bir çox dillərə tərcümə olur. Bu tərcümələr yolu ilə Şəmsi-Təbriz bir çox millətlərin mənəviyatını, dünyaya baxışını təsirləndirmiş olur. Cəlaləddin Rumi fiqhlə uğraşan bir din alimi idi. Soydan gəlmə onlar din alimləri olmuşlar. Ancaq Cəlaləddin Şəmslə görüşdükdən sonra Mövlana olaraq tanınır. “Mövlana” ərəbcə bir sözdür. Ana dilimizdə onun tam qarşılığı “yüksəlmiş”dir. Yəni hissən, fikrən, ruhən əsarətdən qurtarıb yüksək mənəvi ucalığa varmış insan. Cəlaləddin “orda”, o uca yüksəklikdə deyildi, ancaq “oraya” varmaq istəyi var idi. Cəlaləddin Rumini “ora”ya yüksəldən Şəms oldu. Bu səbəbdən də Şəmslə-Cəlaləddinin görüşməsindən sonra Cəlaləddin Mövlana oldu. Ruhundakı dumanlıqları Şəms bərtərəf etdi, Onu aydınlığa qovuşdurdu. Düşüncəsinin və duyğularının işlərliyini bərqərar etdi. Bu üzdən də Şəmsin ən böyük əsəri “Mövlana”dır, Mövlananın özüdür, Onun ruhudur. Təsadüfi deyildir ki, Mövlana “Böyük Divan”ının adını “Divani-Şəms” qoymuşdur. Əslində orada var olan Şəmsin təlimləri, Şəmsin ruhudur. Bu üzdən biz də müsahibəmizin axışında ancaq “Mövlana” sözünü istifadə etsək yaxşı olar. Bəzi insanlar yalnız bir ailəni idarə etmək üçün dünyaya gələrlər, bəzi insanlar bir qəbiləni, bəzi insanlar bir milləti və bəzi insanlar isə bütün insanlığı və əbədiyəti etkisi altına alarlar. Şəmsi-Təbriz bütün tarixi, bütün millətləri öz dühasının təsiri altına alan şəxsiyətlərdəndir. Qurani-Kərimin “Əlmominun” surəsinin 62-ci ayəsində bu hadisə bu şəkilədi izah edilir: “Kimsəyə hiddindən artıq yükləmərik…” Füzuli də Quranın bu ayəsinin təsirində qalaraq bu şəkildə düşünmüşdür:

“Hər kəsin aləmdə miqdarıncadır təbində meyl

Mən ləbi cananımı Xizr abi-heyvanın sevər.”

Şəmsi-Təbrizə Allah o qədər imkan vermişdir. Ancaq sadəcə Allahın verməsi ilə olmaz bu iş. Gərək Allahın verdiklərini anlamaq, idrak etmək üçün beyin imkanlarını çalışdırasan. İnsan beyin imkanlarını çalışdırmaz, bəsirət gözünü açmağa çalışmazsa Allahın verdiyi istedaddan istifadə edə bilməz. Bu üzdən Şəmsi-Təbrizinin bütün tarixi öz mənəviyatının təsiri altına almasında onun böyük zehni çalışmaları, imtinaları, bədənini ruhunun məntiqinə tabe tutmaları durmaqdadır. Bir təsəvvüf söyləmı bu şəkildə deyir: “Söz söyləyənin harasından çıxarsa, dinləyənin də orasına gedər.” Anlaşılan odur ki, Şəmsi-Təbrizinin iç dünyası əbədiyət dərinliyində imiş. Çünkü yalnız o dərinlikdən çıxan sözlər bütün tarixi, ədəbiyəti təsirləndirə bilər. Bizim də bu gün Şəmsdən danışmağımızın səbəbi budur. Təqribən min ildən sonra Şəms gəlmiş və bizim qəlbimizdə, mənəviyatımızda yer etmişdir. Əslində biz içimizdə, ruhumuzda yerləşmiş olan Şəmsi anlatmağa çalışacağıq. Yəni onu anladığımız qədəriylə. Əlbəttə ki, Onu tam olaraq anlayacaq istedadda deyilik. Şəms bunu özü açıqca söyləmiş. “Min ildən sonra da mənə ehtiyacı olanlarla bir yerdə olacağam”- demiş. Nədən bu şəkildə demiş? Çünkü O bilirmiş ki, sadəcə bir əsrə, bir nəslə mənsub deyil. Şəms bilirmiş ki, bütün əbədiyətindir. Bu üzdən də sorulan suala müşəxxəs olaraq cavab verirəm: Şəms mənim də həyatımı çox dərindən etkiləmiş. Uzun illər Şəmslə məşğul oldum. Şəms mənim heç kəsin bilmədiyi acılarıma şahiddir. Kimsəyə söyləmədiyim acılar. Hər kəsin həyatında belə acılar, ağrılar ola bilər. Mən bu acıları bir çox böyüklərimizlə paylaşdım. Ən çox da Şəmslə. İçimi qaranlıqlar sardığında, boşluğa düşdüyümdə Mövlananın əsərlərini oxudum və orada Şəmslə bir yerdə olduq. Ağlımda bir çox düyünlərin açılmasını Şəmsi-Təbrizə borcluyam. Mən bu söhbətdə istəmirəm Şəmsin yaşadığı zamanı anladam, onun sosial ilişkilərini şərh edəm. Bütün bunlar Şəms oluntusunun (fenomeninin) maddəsidir. Maddənin yanlış bir şey olduğunu söyləmək istəmirəm. Çünkü maddədə təcəlli edər ruh. Surət bağlama maddədə təzahür edər. Şəmsin və Mövlanın dönəmini araşdıran bir çox araşdırmaçılar olmuşdur. Bu haqda bol əsərlər var. Ən mötəbər qaynaqlardan biri də Alman araşdırmacı xanım və Şəms üzərinə təxəssüsü olan Anne mari Şimeldir. Burada Şəmsi tarixi dərinlik və tarixi bütünlük içində anlamağa çalışaq. Çünkü Şəms bəlli bir çağda yaşasa da hissən, fikrən və ruhən bir çağa aid deyildir, bütün çağlara aiddir. Bu şəkildə yanaşsaq daha doğru olar.

Sual: Şəmsi tarixi dərinlik içində anlamaq çətinlik yaratmazmı? “Şəmsi tarixi dərinlik içində anlamaq” nə deməkdir?

Cavab: Bu suala Şəms özü daha yaxşı cavab vermiş. Şəmsi sonrasızlıq (əbədiyət) ölçüsü ilə anlamağa çalışmasaq Ondan bir şey anlaya bilməyəcəyik. Çünkü çox qarışıq və sonsuz bur oluntudur (fenomen). Şəms deyir:

“Ol xəttat üç xətt yazar oldu:

Birinci xətti özündən başqa kimsə oxuya bilmədi.

İkinci xətti həm özü oxudu, həm başqası.

Üçüncü xətti nə özü oxuya bildi, nə də başqası.

Ol üçüncü xətt mənən.”

Görürsünüzmü nə qədər çətin bir mövzudur. Əslində birinci və ikinci xətt də Şəms dühasında var. Birinci və ikinci xətt Şəmsin maddəsi və bir az da mənasıdır. Ancaq üçüncü xətt sırf Şəmsin mənasını, ruhunu oluşdurur. Xəttatın öz xəttini oxuya bilməməsi nə deməkdir? Sanki məst halında yazmış kimi bir xətt. Yaradan özü də Şəms varlığı qarşısında heyrət edir. Çünkü sonsuzluğun özü Şəms varlığında təcəlli edir. Mövlana kimi bir dahinin də “xəlvəti-üns” gecələrində Şəmsə heyran olmasının səbəbi budur. Yəni Şəms öz məqamının fərqindədir. Bilir ki, onu anlamaq zor işdir, asan iş deyildir. Necə ki, bir əsrdə yalnız bir tək adam onu olduğu kimi anlaya bilmişdir, o da Mövlanadır. Qalanlar bir damla aldılar dənizdən. Ancaq bu dənizə yalnız Mövlana girə bildi. Çünkü Şəms onun girişinə izn verdi. Ona bu dənizə girmək üçün yardım etdi. İndi də yardım edir bizlərə Şəms. Hər zaman da yardım edəcək. Yəni Onu axtaranlar onunla qarşılaşacaq. Bu gerçəkdən belədir. Bu an Şəmsin zərrələri bizim şüurumuzda dolaşır. Qəlbimizdə iç şüur axışını sağlaya bilir. Bunun adı mərifətdir. Mərifət Şəms təlimində qəlbin iç şüur axışdır. Modern fəlsəfədə buna sezgiçilik deyilir. Yəni vicdanın da idrak sürəcində fəal olması. Sadcə beyinlə qavramaq deyil, daxili imkanların bütün verilərindən yola çıxaraq idrak prosesinə qatılmaq. Şəms vasitəsi ilə Mövləvilik məktəbi yarandı. Daha sonra demək olar ki, bütün təsəvvüf cərəyanları mövləvilikdən təsirləndirlər. Hər kəs bir az anlaya bildi Şəmsi. Əgər bu gün Batı dünyasında Mövlananın əsərlərinə meyl varsa, əslində bu, bizim Təbrizimizin təcəssümü kimi bilinən Şəmsə olan mənəvi təmayüldür. Şəms təsadüfi olaraq özünə “Təbriz”i soy ad kimi götürməmiş. Burada çox dərin bir fəlsəfə var. Şəms öz dərin mənəviyatı ilə Təbriz şəhrini də əbədiləşdirmək istəmiş. O başqa adla da tarixə girə bilərdi. Lakin “Şəmsi-Təbriz”, yəni “Təbrizin günəşi” onun mərifətinə uyğun bir addır. Çünkü gerçəkdən də Təbrizdən doğan düşüncə, duyğu və eşq günəşi idi. Əbədiyən də bu günəş Təbrizdən parlayacaq. İşin çox maraqlı tərəfi budur ki, Şəms o zaman “Təbrizdə öylə böyük şəxsiyətlər var ki, məndən də yüksək məqamdadırlar”- demiş. Şəms bütün davranışlarında Təbrizi ucaltmağa çalışıbdır. Şəmsin anlatdığından belə çıxır ki, dünyanın mənəviyat mərkəzi Təbrizdir. Bu baxımdan Təbrizi də sadəcə bir şəhər olaraq deyil, tarixi dərinliyi olan bir mənəviyat mərkəzi kimi dərk etmək daha doğru və məntiqli ola bilər. Təsadüfi deyildir ki, Mövlana da öz şeirlərində Təbrizi çox öymüşdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təbriz şəhrinin də adı keçməkdədir. Təsəvvür ediniz ki, “Təbriz” sözünü Mövlananın yaradıcılığından çıxarsanız, artıq onun bütün mənəviyat və dünyagörüşü sistemi çökər. O üzdən də Təbriz şəhrinin Mövlana yaradıcılığında çox önəmli yer tutduğuna şahid oluruq. Bu misralara diqqət edin:

“Aç da bir karvan yükün ey sariban

Yaar yurdu şəhri Təbrizdir, dayan!

Cənnətin kəndisidir Təbrizimiz

Sirr mülkü anmışıq Təbrizi biz

Göylərin sonsuzluğundan sevgilər,

Hər zaman olsun Sizə, Təbrizlilər!”

Bu misralarda Mövlana Təbrizi sirr mülkü olaraq görür. Çünkü Şəms də o şəkildə anlatmışdı Ona. Yəni Şəms birdən- birə ortaya çıxmamışdır. Təbrizin mənəvi mühiti onun yetişməsi üçün uyğun olmuşdur. Gerçəkdən də Təbriz mənəviyat və eşq günəşləri yetişdirən şəhərdir.

Sual: Təbriz şəhri ilə Şəms arasında dərin mənəvi ilişkilər var olduğunumu düşünürsünüz?

Cavab: Bu gün Təbrizin dünyada sayqın və sevimli bir yerinin olmasının səbəbkarlarından biri də Şəms olmuşdur. Çünkü Şəmsin adı gələndə adamın ruhu aydınlığa qovuşur, adamın içində mənəviyat günəşi doğur. Bu ad isə “Təbriz” ismi ilə bir yerdə gəlir. Təbrizin bir çox siyasi, tarixi, mədəni özəllikləri var. Ancaq Şəmsin Təbriz kimliyinə yüklədiyi mənəvi dəyərlər çox fərqli və dərindir.

Sual: Şəmsi- Təbrizin təbrizliləri təhqir edənlərlə bağlı da fikri var. Bu haqda nələr söyləmək olar?

Cavab: Şüubiyənin yardımı ilə “Şahnamə” yazıldıqdan sonra millətlər arasında nifaqın təməli qoyuldu. Şəmsdən təqribən iki yüz öncə yazılan Şahnamədə millətlərin bir-birini aşağılamasının təməli atıldı. Firdovsiyə aid olduğu sanılan bu əsərin min beytini Dəqiqi yazmışdır. Dəqiqi bir Qəznəvi türk əsgərini təhqir etdiyi üçün həmin əsgər tərəfindən öldürülür. Daha sonra Firdovsiyə tapşırılır bu əsərin yazılması. Firdovsi də ömrünün ən yetişkin çağlarında Şahnaməni yazmaqdan peşman olduğunu bildirir. “Yusif və Züleyxa” əsərində bunu açıqca etiraf edir. Şahnamədə hakim olan zehniyət bölücüdür. Başqa millətləri aşağılayır. Şəmsin fəlsəfəsinin əsasında isə “insan haqları” fəlsəfəsi dayanmaqdadır. Şəmsi-Təbrizdə insana dərin sayqı var. Çünkü insan islam fəlsəfəsində də deyildiyi kimi yaranmışların ən ulusudur, ən əşrəfidir. Bu üzdən də Şəmsin dünyaya baxışında Şahnamənin tam tərsinə olaraq irqçiliyə yer yoxdur. İnsan milliyətindən asılı olmayaraq Tanrının ən ulu yaradılışı kimi görünür. Şahnamədə isə türklər, ərəblər təhqir olunur. Şahnamədən qaynaqlanan bu fitnə o zaman da mövcud idi və Təbrizin türk əhalisinə “eşşək” deyirdilər. Şəmsi-Təbriz isə bu rəftarı qabalıq və geri zəkalılıq hesab edir. Etiraz olaraq da “Təbrizlilərə eşşək deyənlər, öz eşşəkliklərindən xəbərsizdirlər. Təbrizdə necə düşüncə mirvarilərinin olduğundan xəbərsizdirlər.”- deyir. Bu haqda daha geniş bilgi etmək istəyənlər Nasirəddin Sahibəzzəmaninin “Üçüncü xətt” kitabına müraciət edə bilərlər. Şəms bütün millətləri öz kimliklərini qorumaq şərti ilə birliyə dəvət edir, sevgiyə dəvət edir. Bu birliyin tməlində isə, Allah sevgisi durmaqdadır. Bu üzdən də Şəmsin fəlsəfəsindəki “birləmək”, yəni tövhidə dəvət etmək çox dərin bir mövzudur. Şəmsdəki “kisrət” fəlsəfəsi “vəhdətin” özünü çoxluqda ifadə etməsidir. Şəmsin fəlsəfəsində “bir” olan, yəni “vəhdət” müxtəliflik (kisrət) şəklində təzahür edir. Bu üzdən də hər zərrə, “bir” olanla, yəni Allahla vəhdətdədir. Bu çoxluq gözlə görünməyən bir şəkildə “bir” olanla irtibatdadır. Ancaq bu irtibatı Şəms görə bilmişdir, çünkü O öz qəlbinin görünməzləri görə bilən gözünü açmışdır. Onun bəsirət gözləri açılmışdır. Füzulinin “Hər zərreyi zahirin zühuri— Bir özgəyə bağlıdır zəruri” fəlsəfəsində də “Vəhdəti-vücüd” görüşü var. Füzuli də Şəmsdən təsirlənmişdir. Bir sözlə Şəms hər bir dili və hər bir milləti Allahın hikməti olaraq görür. Qurani- kərimdə də bu görüş vardır. Qurani-kərimin “Hücərat” surəsinin 13-cu ayəsində bu mövzu üzərinə çox gözəl aydınlıq gətirilmişdir. Şəms o gizlin irtibatı gördüyü üçün, yəni “vəhdət”lə “kisrət” arasındakı gizlin irtibatı gördüyü üçün Mövlana heyrətə gəlmiş, Şəmsin ayaqlarına qapanmışdır. Bu baxımdan Şəmsin fəlsəfəsində millətlər arasında sevgiyə çox önəm verilmişdir. Bilirsiniz ki, Şəms-Təbriz də Qətran Təbrizi kimi farsca danışa bilmirmiş. Nasir Xosrov “Səfərnamə”sində Qətran Təbrizinin yaxşı şeir yazdığını, ancaq farsca danışa bilmədiyini yazır. Çünkü Təbrizdə sosial münasibətlərin dili türkcə olmuşdur. Əflakinin və Mövlananın oğlu Sultan Vələdin verdiyi bilgilərə görə, Şəmsi- Təbriz Mövlana və çevrəsi ilə türkçə danşırmış. Çünkü o zaman Təbrizdə və Konyada yalnız farsca yazır, Türkçə danışırdılar. Bundan əlavə, Şəmsin dünya görüşündə Tanrının yaratdığı bütün varlıqlara hörmət var. Şəmsin fəlsəfəsində bu baxımdan hətta təbiəti və çevrəni qoruma kimi həssas mövzular da yer almaqdadır. Bu üzdən də Şəms kültürü ilə Şahnamə kültürünün burada qarşı-qarşıya gəldiklərini görürük. İki zidd baxışdır. Şəms insana dəyər verib yüksəldir, Firdovsi hansısa ərəb və türk millətinə mənsub olan insanı təhqir edir, nə var ki, Allah birini ərəb və ya türk yaratmışdır. Bu gün isə dünyada dostluğun və barışın bərqərar olması üçün daha çox Şəmsi- Təbriz fəlsəfəsinə ehtiyac var, şahnaməçiliyə deyil.

Sual: Şəmsin baxışında “fitrət” anlayışının yeri nə qədər önəmlidir?

Cavab: “Fitrət” əslində “üm-ul müarif” deməkdir. Yəni bütün bilgilərin anası. İnsanın qazandığı bilgilər var, ancaq bunun yanı sıra bir də doğuşdan gətirdiyi istedad var. Doğuşdan gətirmə çox önəmlidir. Bəzən doğuşdan gələnlər bütün bir tarixi öz təsiri altına alır. Çünkü doğuşdan gələndə Allahın da müdaxiləsi var. Allah qatından bəzi istedadlar kiminsə varlığına yerləşdirirlir. Bəzən fitrətlə ictimai vəziyət qarşı-qarşıya gəlir. Əslində Şəmsin fəlsəfəsində mövcud olan fərd azadlığı insanın öz fitrəti əsasında azadca yaşaya bilməsidir. Şəmsi Təbriz bunu öz ailəsində baş verən bir hadisə ilə görün nə gözəl anladır:

“Atamla bir yerdə Təbrizdə tarlada çalışırdım. Atam çox şərif insan idi, ancaq aşiq deyildi. Cücələrini başına yığmış bir toyuq ətrafımızda dolaşırdı. Cücələrin içində toyuğun zəhmət çəkib dünyaya gətirdiyi ördək cücələr də var idi. Ördək cücələr yanımızdan axan arxa yaxınlaşdılar. Ana toyuq isə ayağı ilə yeri eşələyib, qəribə səslər çıxararaq ördək cücələrin suya girməmələri üçün xəbərdarlıq edirdi. Ancaq ana toyuğun etirazına baxmayaraq cücə ördəklər suya girib üzməyə başladılar. Toyuqda dalğın-dalğın ördəklərə baxırdı. Atama: “Bax o ördəkləri bu toyuq dünyaya gətirsə də onun ördəklik fitrəti unudulmayıb. Sən məni dünyaya gətirmiş olsan da fitrətlərimiz başqadır. Mən öz yoluma getməliyəm.”-dedim və yollara düşdüm.”

Şəmsin bu anlatması çox önəmlidir. Yəni Şəmsə görə doğuşdan gətirdiyimiz və fitrət adlanan vaqiə insanın həyatında təsirsiz deyildir. Burada istər-istəməz Səməd Behrənginin “Qaraca balıq” macərası yada düşür. Orada da Behrəngi fitrət məsələsini açmışdır. Bütün balıqlar o dar mühitdə yaşamaqdan rahatdırlar. Ancaq “Qaraca balıq”ın fitrətində olan enerji onu sonsuza tərəf hərəkət etməyə zorlayır. “Qaraca balıq” sanki Şəmsin həyatını rəmzlə anladan bir əsərdir. Şəms də uzun bir yolçuluğa başlayır.

Ardı var…

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4945.azr
azeribaybak[at]gmail.com