- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Şəmsi- Təbrizinin eşq fəlsəfəsi üzərinə söyləşi (3 və son bölüm) - Güntay Gəncalp
BayBək, Azərbaycan | Thursday, 11th June , 2009 , 23:54 [pm] | İç Xəbərlər
![]() |
. | Sual: irfan dialektiyi Şəms dünyagörüşündə necə gerçəkləşir?
Cavab: Şəms bu oluşumu üç boyutda ələ alır. Şəmsə görə şeir, musiqi və rəqs bir bütün olaraq irfancı kimliyi gerçəkləşdirmək üçün zəmin sağlayır. Şeir burada sözlərin rəqs edərək xəyal və düşüncə yükləri ilə yüklənməsi kimi |
(III bölüm)
(Şəmsi-Təbriz fəlsəfəsində humanizm)
Sual: irfan dialektiyi Şəms dünyagörüşündə necə gerçəkləşir?
Cavab: Şəms bu oluşumu üç boyutda ələ alır. Şəmsə görə şeir, musiqi və rəqs bir bütün olaraq irfancı kimliyi gerçəkləşdirmək üçün zəmin sağlayır. Şeir burada sözlərin rəqs edərək xəyal və düşüncə yükləri ilə yüklənməsi kimi meydana çıxır. Düşüncənin duyğusallığı onun qavranılması baxımından çox önəmlidir. Şəmsdən başlayaraq şeirin də fəlsəfəsi dəyişmişdir. Şeir bir seziş, alqılayış, duyma olaraq özümsənmişdir. Şeir mutluluğun rəmzini öz içində daşımışdır. Diqqət etsəniz modern şeirin qafiyə sıxıntısından qurtuluşu da Şəmsdən sonra başlamışdır. Mövlana “Mən qafiyəni düşündüyümdə, dilbərimin xəyalı göz önümdə durub deyir ki, demək sən məndən başqa, ayrı bir şeyi də düşünə bilirsən!”* Bu üzdən də bir çox yerdə Mövlana yaradıcılığında qafiyə pozuntusuna rast gəlirik. Bu da təbiidir, çünkü mənəvi dərinlik qafiyənin çərçivələrini qırır. Şeir, musiqi və rəqs genişləyən batinin kəndini gerçəkləşdirmə aracı kimi ortaya çıxır. Şəmsə görə iki növ içdünya var: 1. Darısqal batin. 2. Geniş batin. Geniş batini Tanrı elçilərinə xas bilir. Ancaq irfan məqamlarında yüksəlməklə də batini genişlətmək mümkündür. Dar batinliləri kiçik hisslər rahatca yönləndirə bilir. Geniş batinin içində kiçik hisslər görünməz olurlar. İrfan mərtəbələrinə yüksəldikcə genişləyən batin əldə etdiyi mənəviyatı və mutluluğu şeirlə, musiqi ilə və rəqslə göstərmiş olur. Yəni bu üç amil bir yerdə ruh hallarının göstərgəsi kimi zahir olur. “hal” əhli özünü bu yolla göstərməlidir. Şəmsə görə bəzən “danışmamaq orucu” tutub rəqs etmək lazım gəlir. Susqunluğun içindəki məna dərinliyini yalnız şeir, musiqi və dansla ifadə etmək olar. Burada şeir, musiqi və rəqs qavramlarını anlatmaq lazım olacaq. Şeir şüurun kəndi öz işığına bürünməsidir. Zehnin uzayında (kosmosunda) bilinməz şəkildə oluşanların adı Şəms anlatısında şeir olaraq görünür. şeir iç uzayla dış uzayın örtüşməsi kimi ortaya çıxıdığı üçün varlıq şeiriyətə sığınır. Ancaq varlıq daimi hərəkətdədir. Rəqs də hərəkətin sistemli və ritmik bir şəklidir. Zərrədən günəşə qədər hər şey hərəkətdədir, daha doğrusu varlıq əbədi bir rəqs halındadır. Rəqsin bitdiyi yerdə varlığın sonu gəlir. Hərəkət edən hər nəsnə özündən bir səs yayınlamalıdır. Musiqi də səsdən doğur. Demək ki, evrəndə bizim duya bilməyəcəyimiz bir musiqi var. Bunu “uzayın səsi”, ya da Füzulinin ifadəsi ilə “fələklərin musiqisi” adlandıralım. Bu musiqini necə duymaq olar? Şəmsə görə bu musiqini rəqs yolu ilə eşitmək mümkündür. İnsan rəqs edərək ruhunu daha da hərkətli duruma gətirir. Hərəkətli ruh bədən üzərinə öz etkisini buraxmağa başlar. Rəqs yolu ilə aydınlanan ruh bədənin bütün zərrələrini də aydınlatmağa başlayır. Ruhun duyduqları bədən üzərinə öz təsirini göstərir. Bədən artıq musiqi alətlərinin melodiyası ilə deyil, ruhun duyduğu fələklərin musiqisinin ritmi ilə dans edir. Mutluluğun zirvəsi və rəqs yolu ilə bütünə, “bir”ə, Tanrıya qovuşmaq və Tanrı ilə bir yerdə rəqs etmək. Hüseyn cavid Şəmsin bu görüşünü anlatmağa çalışmışdır. Ulu Cavidə görə zərrədən planetlərə, ulduzlara qədər hər şey hərəkətdə və rəqs etməkdədir. Cavid doğru və dərin düşüncənin özünü rəqsdə parlaq şəkildə göstərəcəyinə inanır. Tanrı özü də daimi və mütləq bir rəqsdən ibarətdir. Şəmsin rəqs haqqındakı görüşləri 700 ildən sonra Cavid yaradıcılığnda əks olunmaqdadır:
“Hətta şu üfüqlərdə sönən qanlı günəş də
Həp rəqs edərək qeyb oluyor, seyr edin iştə.
Rəqs etmədə həp şeiru dəha, hüsnü lətafət,
Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət.
Hər fəlsəfə, hər dinü təriqət, bütün adət,
Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.
Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət.
Həp rəqs ediyor xeyrilə şər, elmü cəhalət
Rəqs etmədə, hətta o görünməz ulu məəbuud
Rəqs etmədə hətta o vücüdi- ədəm aluud.”
Şəms bütün bu rəqsləri “səmaazənlik” adı altında sistematizə edir. Səmazənlik Şəmsdən daha öncə dağınıq şəkildə olmuşdur, ancaq Şəms ona anlam yükləmiş, özü öncül olmaqla bütün düşüncə toplantılarında rəqs etmiş, “səmaazənlik” etmişdir. Səma rəqsində insan öncə musiqi alətinin səsi ilə hərəkətə başlayıb kainat kimi fırlanmağa başlayır. Sonra musiqi alətləri səsinin yerini uzaydan və içəridən (ruhdan) gələn səslər alır. Uzaydan gələn səslər nə səsidir? Sonsuzluqda hərkətdə olan ulduzlar və planetlər bəlli bir musiqi ilə hərəkətdədirlər. Hərkətdə olduqları üçün onların da bir səsi, bir musiqisi var. Bəsirət gözünün açıldığı kimi, bəsirət qulağı da açılır və uzaydakı musiqiləri dinləmək, o musiqinin melodiyası əsasında dans etmək mümkün olur. Əlbəttə bu hər adamın vara biləcəyi bir mərhələ deyildir. Mövlananın küçənin ortasında dans etməsinin səbəbləri uzay musiqisini eşitməsi səbəbi ilə olsa gərək. Şəmsin təlimlərindən anlaşıldığı kimi şeir, musiqi və rəqs həm doğanın, həm də insanın xilqətində, fitrətində mövcuddur. Bu üzdən də Şəmsin eşq irfanı insanı durğunluğa deyil, canlılığa sövq edir. İnsan həyata bağlanır. Çünkü həyatın ruhu müqəddsdir. Hansı həyat? Şeirlə, musiqi və rəqslə iç-içə olan həyat. Şeir, musiqi və rəqs insanlara yararlı olacaq düşüncələri də içərdiyi üçün, buradakı həyat düşüncələrin, duyğuların yatağı və qaynağı kimi meydana çıxır. Şəms dünyasında Şeir, musiqi və rəqs qavramlarının izahına davam etmək istərdim. “Səmaa” ərəb dilində “dinləyiş” deməkdir. Mövlana Şəmsi dinlərkən ruhundakı transformasiyaları “səmaa” rəqsinə yükləmiş. Nədən? Çünkü Şəmsin səsi də çox təsirli olmuş. Şəmsin səs dinamikləri Mövlananı öz təsiri altına almışdır. Bu qapsamlı, geniş diapazonlu Şəms səsindəki anlamlı fikirlər Mövlananı elə hərəkətə gətirir ki, bütün şeirlərini dans üstündə yazır. Mövlananın şeirində yalnızca sözlər həyəcana gəlib dans etmir, şeirin özü də dans edir. Hər şey dans edir, fikirlər, sözlər, vergül və nöqtələr. Şəms Mövlananın ruhunu rəqs sevdası ilə doldurur. “Səmaazənlik” yəni evrəni bəsirət qulağı ilə dinləmək. Dinləyərək evrənin sirlərinə qovuşmaq. Bu üzdən də “səmaazənlik” Şəmsdən sonra dərin bir fəlsəfi mahiyət daşıyır. İşin ilginç yanı budur ki, ilk dəfə olaraq qadınlar da Şəmsin istəyişi üzərinə səmaazənliyə qatıırlar. Şəmsin bu görüşü Ələviliyi elə təsirləndirir ki, bu gün də Ələvilikdə qadınlarla kişilər bir yerdə səmaazənlik edirlər.
Şəmsin Mövlanaya öyrətdiyi təlimlərdən birisi də musiqi olmuşdur. Mutlu və bütöv olan insanın hallarını anladan musiqi, şeir və rəqsdir dedik Şəms fəlsəfəsində. Şəmsin bu təlimi üzərinə mənbərdə vaizliklə məşğul olan Mövlana məscidi buraxıb musiqi öyrənməyə başlayır. Bu günkü muğamlarda Mövlananın bir neçə bəstəsi var. Onlardan ən önəmlisi “Şur” muğamındakı “Səmai-Şəms” şöbəsidir. Şimali Azərbaycanda sovet dönəmində dəyərlərmizdəki yozlaşma üzündən bəzi sözlər öz tarixi kökündən ayrılıb. O cümlədən “Səmai- Şəms” muğamı da “simai-Şəms” olaraq tələffüz edilmiş, yazılmışdır. Bir haldakı bu muğamı, yəni “səmai-Şəms” muğamını Mövlana bəstələmiş və öz ruhunun memarı olan Şəmsi-təbrizə ithaf etmişdir. “Səmai-Şəms” muğamı nədir? “Səmai-Şəms”, yəni Şəmsi dinləmə. Mövlananın Şəmsi dinlərkən musiqiyə dönüşən düşüncələridir. “Səmai-Şəms” və “Səmaazənlik” rəqsi arasında həm hissən, həm də anlam baxımından dərin birlikdəlik var. “Səmaazənlik”in anlatmaq istədiyini, rəqsin anlatmaq istədiyini “səmai-Şəms” muğamı anlatmaq istəmişdir. Anlaşılan odur ki, Şəmsin öz dönəmində, Mövlananın zamanında daha çox “Səmai-Şəms” muğamınının ahəngi ilə “səmaazənlik”lə məşğul olmuşlar. XX əsrdə Hacıbəyli muğamlarımıza daha dərin həyat duyğuları yüklədiyi üçün muğamlarımızın şəkli və məzmunu daha da dərinləşdi. Bu günkü Azərbaycan muğamları Şəms təlimlərinə daha da yaxınlaşmışdır. Özəlliklə Alim Qasimovun ifası Şəms ruhunu anlamaq üçün çox bələdçi olur. Yalnız Alimin bilgisi istedadından daha azdır. Bu üzdən də hansı qəzəli hansı muğamda oxuyacağını bilmir. Məslən “sarənc” muğamında “müjdə ey dil ki, yenə gəldi bahar əyyamı” qəzəli oxunmamalıdır. “Sarənc” şöbəsi “Şur” muğamının kədər janrıdır, ağrılı yeridir. Burada baharın öyüldüyü şeir oxunmamalıdır. Buna bənzəyir ki, adam yasda dərdli bayatı demək yerinə şən mahnı oxumağa başlasın. Bahar gələndə adam sevinər, ağlamaz. Novruz mutlu bir gündür. Bunlara diqqət etmək lazımdır, çünkü Şəms görüşündə hər şey öz yerində görünəndə daha gözəl olur, daha yatqın olur.
Söyləmək istədiyim budur ki, Şəms görüşündə “inanc” və “eşq” insana dəyər verir, insanı cəsarətləndirir. Bu cəsarətin estetik tərəfini musiqi, şeir və rəqs olaraq görürük.
Sual: Şəmsi-Təbriz yaradıcı insan olaraq hansı tipə mənsubdur?
Cavab: Bu suala Nitşenin fəlsəfəsindən yola çıxaraq cavab vermək istərdim. İlk öncə onu söyləməliyəm ki, Nitşe və Şiler sanki öz fəlsəfəsində “Şəmsi-Təbriz”i anlatmışlar. Nitşenin “üst insan” və Şilerin “tam insan” görüşləri Şəmsin davranış və həyat şəklini anlatmaqdadır sanki. Nitşeyə görə üç insan növü var: 1. Əxlaqi insan ya da sürü insan. Yəni gələnəklərin, ənənələrin əmrində olan insan. 2. Özgür insan. Özgür insan gələnəklərin basqısından qurtulmaq yolunda savaşar, ancaq yeni dəyər icad edə bilməz. 3. Üst insan. Üst insan, sadəcə gələnəklərin, dəyərlərin tənqidçisi deyil, o həm də tabuları qıran və yeni dəyərlər yaradan güclü şəxsiyətdir. Bax Şəms bu üçüncü insan tipinə mənsubdur. Çünkü Şəms sadəcə öz zamanında yeni dəyərlər icad etmədi. Şəms bu gün də yeni dəyərlər icad edir. Biz Mövlanı oxuyuruqsa, dans ediriksə, ondan öyrənib və mutluluq əxlaqını mənimsəyiriksə, demək ki, Şəms hər an bizim içimizdə yeni dəyərlər icad edir. Bu üzdən də Şəms bütün çağların “üst insan”ı olaraq görünür. Şəms sadəcə özü “üst insan” məqamına yüksəlmədi, həm Mövlananı “ora”ya yüksəltdi, həm də Mövlananın dilindəki bəndlərı qırıb, Onu böyük azadlığa, böyük qurtuluşa qovuşdurarq bizlərin də “üst insan” olma yolumuzu açdı. Çünkü biz də Mövlananı oxuduqca, ya da Mövlana kimliyindəki Şəmsi oxuduqca içimiz sevgi ilə dolur, yaşamaq və verimli olmaq istəyirik. Varlıqla, uzayla, insanlıqla qucaqlaşmaq istəyirik. Şəmsin görüşündə tanrı, evrən və insan üçbucağı önəmli yer almaqdadır. Sonra da bunların bütünləşmə istəyi var. Yəni insan öz varlığında Tanrı və evrənlə bir bütün olmaq istər. Burada Şəms Mənsur Həllacı da tənqid edir və “ən-əl həq— mən haqqam deyirdi Həllac. Ancaq “haq” gəldiyində “mən” qalmaz ki.”- deyir Şəms. Bu evrən-insan və Tanrının ruhda birlikdəlik oluşdurmasıdır. Burdan da yola çıxaraq Şəmsin “ölüm” və “həyat” anlayışları çox diqqət çəkicidir. Şəmsə görə “ölüm” həyatın dışında deyil, içindədir. Ölüm və həyat iç-içədir. Mövlana Şəmsin bu görüşünü bu şəkildə anladar:
“Yoxluqda yox olmaq ilə biz yaara ulaşdıq
Qəbrin daşı altındakı iqraara ulaşdıq.”**
Bu misralardan da anlaşıldığı kimi, ölüm Şəms fəlsəfəsində qorxulucaq bir şey deyildir. Bədənin instinktiv olaraq ölümdən qorxması başqaca bir qonudur. Ancaq Şəmsin düşüncə dərinliyində ölüm həyatın, ancaq mutlu həyatın uzantısıdır. Bu üzdən də Şəmsə görə, ancaq yaşayanlar ölümə layıq olurlar, yaşamayanlar, sürünənlər ölmürlər, məhv olurlar.
Sual: Şəmsin təlimlərində humanizm və ya insan mərkəzli düşünmə varmı?
Cavab: Şəmsin bütün təlimləri insan mehvərli olmuşdur. Şəmsdə eşq fəlsəfəsi aşağı dəyərdən yuxarı dəyərə doğru dırmanışdır. Dəyərsizliyi ortadan qaldırıb dəyər icad etməkdir. Bu da ancaq və ancaq insana və onun haqlarına göstərilən sayqı ilə mümkündür. Əslində Mövlananın bütün yaradıcılığı bir növ “sayqı namə”dir. Yəni insan şərəfinin dərin izahıdır. Nifrət, yuxarı dəyərləri aşağılamaqdırsa, Şəms fəlsəfəsində sevgi aşağı dəyərləri yüksəltməkdir. Yüksəltmə təlaşı içində insan öz etikasının, davranışlarının və öz ruhun memarı olur. Bir sözlə Şəms hər kəsi öz varlığının memarı olmağa, yaradıcısı olamağa çağırır və bunun yöntəmlərini də çox estetik biçimdə ortaya qoyur. Şəmsin dünyagörüşündə insan daimi bir oluş sürəci içində olmalıdır. Daimi bir oluş içində olan insanın özəlliyini Mövlananın əsərlərində sezmək mümkündür. Bu insanın özəllikləri bunlardı:
1. düşünmək. Buradakı düşüncə qavramının miqyası çox genişdir. Bəzən də Şəmsin geniş düşüncəsi məntiqin dar çərçivəsinə sığmır. Bu üzdən məntiq fəlsəfəsi ilə Şəmsin düşüncə qavramını incələmək çətin məsələdir. Çünkü düşüncə qavramı Şəmsdə sezgiçiliklə iç-içədir.
2. Vizionçuluq. Geniş üfüqlü görüş olaraq bunu anlamaq mümkündür. Bunu Şəms yalnız batini genişlətməklə mümkün bilməkdədir. Bəlli davranışlar və irfan məşqləri ilə insan öz batinini genişlətdikcə onun vizionu, geniş bucaqlı görüşü bərqərar ola bilər. Geniş batinlik Şəms fəlsəfəsində dərindən özümsəyiş deməkdir. Bu həm yuxuda, həm də gerçək həyatda oluşa bilər.
3. Özünüdərk. Şəmsin insan məhvərli düşüncəsinin təməlində hər şeydən öncə insanın özünü dərk etməsi durmaqdadır. Hz. Məhəmməddən də “Özünü bilən Tanrısını bilər”- kimi bir hədis mövcuddur. Şəms peyqəmbərin bu görüşünü çox dərinləşdirmiş, ona açıqlıq gətirmişdir. Burada fərdin “özünə güvəni”, çevrəsinə sayqılı münasibəti çox önəmli yer tutmaqdadır. İşlərinin yanlış nəticə verməsindən çəkinməmək, ancaq doğru davranma qərarlılığından və yaxşı niyyətli düşünmə ilkəsindən vaz keçməmək Şəmsin təlimlərinin əsasını təşkil edər. Çünkü əməllər niyətlərə görə dəyərləndirilər, yanlışlara görə deyil. Özünü dərkin içə və dışa yönəlmişlik tərəfləri var. İçə yönəlmişlik insanın öz nəfsi üzərinə, dışa yönəlmişlik isə varlığı öyrənməklə tanımlanır.
4. Zamancılıq. Şəmsin təlimində insan öz çağının ötəsinə keçə bilmirsə o zaman öz çağında yaşamalıdır. Öz çağının gerisində qalmamalıdır. “Bu gün”, “indiki zaman” Şəms fəlsəfəsində çox önəmlidir. Çünkü indiki zaman keçmişlə gələcəyin kəsişdiyi ortaq nöqtədir. Bu nöqtədə durub varlığa yanaşmaq lazımdır. Öz zamanında yaşamaq keçmişin bilgilərindən təcrid olmaq deyildir, ancaq keçmişi də bu günə daşımaq deyildir. Keçmişin günümüzdə canlı olacaq bilgilərini içində bulunduğumuz zamanın içində yaşayaraq ağlımıza yükləməliyik. Bu üzdən də Şəms islam dinini keçmişdə olub bitmiş bir hadisə olaraq görmür. İslamın doğduğu maddi və mənəvi zaman var. Bu zamanın maddə tərəfi keçmişə aiddir, günümüzə daşınmamalıdır, lakin onun mənası günümüzdə də canlılığını qoruyur.
5. Özgüvən. İnsanın öz nəfsi üzərinə hakim olması. Harda susub, harda danışacağının bilincində olması. Harda qızıb, harda mərhəmətli olacağını bilməsi. Bütün bunların təməlində Şəms təliminə görə özgüvən duyğusu durmaqdadır. Bunun üçün də Şəmsə görə üç amil bir yerdə olmalıdır: ruhi zənginlik, ruhi dəngə, doğru sezgi.
6. İstiqlal. Üst insanın bir başqasına əsarətamiz bağlılığı olmamalıdır. Uluları dəyərləndirər, lakin onlara tabe və təslim olmaz. Özünü özünün qurtarıcısı və qurucusu olaraq görür.
7. Başqalarını sevmə və xalqçılıq. Üst insan məncil deyildir. O, başqasına yardımçı olmağı öz vicdanının rahatlaması üçün yapmış olur. Bu üzdən də onda özgüvən sağlayan amillərdən birisi də iç enerjisini dışarıya yönəltməsidir. Dışındakı yüksək varlıq olan insanlara yardım etməsi və yardımlaşma duyğusunu öz vicdanında daşımasıdır. Bu üzdən də “üst insan” özünün yaradıcısı və başqalarının eyiticisidir.
8. Özverilik (fədakarlıq). Üst insanın fədakarlıq anlayışı heç bir mühafizəkarlıq çərçivəsinə sığmaz. Üst insanın şəxsiyətinin genişliyini onun fədakarlığı təşkil edir.
9. qurtarma və istiqlal bağışlama. Üst insan Şəms fəlsəfəsində yalnız öz istiqlalı üçün çabalamaz, başqalarının da özgürlüyü və istiqlalı üçün düşünər, davranar. Üst insan başqalarına yardımçı olduqca vicdan rahatlığına qovuşar.
10. təvazökarlıq və qürur. Üst insan yalanın, riyanın ədalətsiliyin qarşısında nə qədər dayanaqlı və məğrur olsa da, bir o qədər toplumsal ilişkilərində təvazökardır.
11. Önyarqılı olmamaq. Üst insan gerçəklərin içində yaşamağı hər an təcrübə etdiyi üçün hər növ önyarqıdan uzaq olmalıdır. Bu üzdən də toleranslı davranmaq, toleranslı düşünmək önyarqılı olmağı əngəlləmənin bir tək yoludur. Fanatizm və kökdən inkar və ya kökdən qəbul etmək üst insanın xüsusiyatı deyildir. Üst insan bunlarla daima savaşda olan şəxsdir.
12. eşq və ideal. Üst insan aşiqdir və idealı hər an düşüncələrində yenilənir.
13. Özünü doğuş və yaradıcılıq. Üst insan yardıcıdır.
14. Dözüm və səbr.
Bunlar Şəmsi-Təbriz fəlsəfəsinin özətidir. Yəni bunlar mənim anlaya bildiklərimdir. Bu yazımla içimdə hər zaman var olan Şəmsi anlatmağa çaləışdım. Bir şəkildə Şəms qarşısında olan vicdan borcumu ödəməyə çalışdım. Bu qədəri ilə yetinirəm. Ancaq Şəms mənim içimdə hər an yenilənən, məni hər an yenilədən varlıqdır. Bu üzdən bəlkə bir neçə il sonra bir daha içimdə gəlişən Şəmslə bağlı fərqli bucaqdan baxaraq yazılar yaza bilərəm. Ancaq bu yazını burada Böyük Şəmsin qarşısında baş əyərək və bir sualla bitirirəm: Gerçəkdən Şəms kimdir?
Güntay Gəncalp
11/06/2009
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir